Время: 10:00-12:00
Место: Gəncə şəhərindəki 11 və 27 nömrəli tam orta məktəblər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) həyata keçirdiyi “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri çərçivəsində növbəti görüşlər Gəncə şəhərində keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, professor Misir Mərdanov və akademik Nizami Cəfərov Gəncə şəhərindəki 11 və 27 nömrəli tam orta məktəblərin şagirdləri ilə görüşüblər.
Görüşlərdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov təşəbbüsün əsas məqsədinin məktəblilərdə erkən yaşlardan elmə maraq oyatmaq, onlara elmin gözəlliyini və cəmiyyətin inkişafındakı rolunu aşılamaq olduğunu bildirib.
Rektor vurğulayıb ki, bu təşəbbüs şagirdlərin elmin müxtəlif istiqamətləri ilə yaxından tanış olmalarına, maraq və bacarıqlarına uyğun sahələri müəyyənləşdirmələrinə, eləcə də gələcək karyera imkanları barədə məlumat əldə etmələrinə şərait yaradır.
Görüşlərdə professor Misir Mərdanov və akademik Nizami Cəfərov da məktəblilərlə elm və təhsilin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Alimlər elmin cəmiyyətin tərəqqisindəki rolundan, yeni biliklərə yiyələnməyin əhəmiyyətindən və elmi fəaliyyətin yaratdığı imkanlardan danışıblar. Onlar şagirdləri araşdırmağa, suallar verməyə, yeni biliklər öyrənməyə və gələcəkdə seçəcəkləri sahələrdə uğur qazanmaq üçün indidən çalışmağa təşviq ediblər.
Məktəblilərin böyük maraqla qarşıladıqları görüşlər interaktiv müzakirələrlə davam edib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlarla elm və gələcək peşə seçimi ətrafında fikir mübadiləsi aparılıb.
UNEC-in “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü elmin məktəb yaşlarından sevilməsinə, gənc nəslin elmi dünyagörüşünün formalaşmasına və gələcəyin alimlərinin yetişməsinə töhfə verməyi hədəfləyir.