Время: 10:00-12:00
Место: UNEC, Əsas Korpus, Ağ zal
UNEC-də keçirilən “Elm Günləri” çərçivəsində təşkil olunan sonuncu tədbir Nobel mükafatı laureatlarının elmi fəaliyyəti və bəşəriyyətə verdikləri töhfələrə həsr olunub. Tədbirin əsas məqsədi elmin populyarlaşdırılması, elmi biliklərin geniş ictimaiyyətə daha anlaşıqlı formada çatdırılması olub.
Tədbirdə alimlər, ictimaiyyət nümayəndələri, eləcə də UNEC-in professor-müəllim heyətinin üzvləri iştirak ediblər.
Müzakirələr zamanı 2025-ci il üzrə fizika, kimya, iqtisadiyyat və digər sahələrdə Nobel mükafatına layiq görülən alimlərin elmi fəaliyyəti, onların bəşəriyyətə verdikləri töhfələr və elmə yanaşmaları ətrafında geniş fikir mübadiləsi aparılıb.
UNEC-in rektoru, professor Ədalət Muradov çıxışında elmin populyarlaşdırılmasının cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq, bu istiqamətin universitetin prioritet fəaliyyət sahələrindən biri olduğunu bildirib.
Rektor qeyd edib ki, UNEC bir neçə ildir “Elmin populyarlaşdırılması” və “Elm gözəldir – məktəbdən elmə” təşəbbüsləri çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində yerləşən ali təhsil müəssisələrində və məktəblərdə görüşlər keçirir. Bu təşəbbüslərin əsas məqsədi elmi gənc yaşlardan sevdirmək və şagirdlərdə elmi fəaliyyətə maraq yaratmaqdır.
Ədalət Muradov, həmçinin qızların elmə marağının artırılmasına yönəlmiş yeni layihə üzərində iş aparıldığını diqqətə çatdırıb. O bildirib ki, layihənin məqsədi qız şagirdlərin elmi fəaliyyətlərə daha fəal cəlb olunmasına şərait yaratmaqdır.
Nobel mükafatı laureatlarına həsr olunan müzakirələrin əhəmiyyətinə toxunan rektor qlobal düşüncə tərzinin formalaşdırılmasının və milli potensialın düzgün qiymətləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, inkişafın əsas şərtlərindən biri həm öz imkanlarını tanımaq, həm də qlobal miqyasda düşünməyi bacarmaqdır.
Tədbirdə çıxış edən UNEC-in Elmin populyarlaşdırılması mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, əsas məqsəd elmi bilikləri geniş ictimaiyyət üçün daha əlçatan və anlaşıqlı etməkdir.
Etibar Əliyev elmin populyarlaşdırılmasının yalnız məlumat ötürməkdən ibarət olmadığını, eyni zamanda insanlarda elmi düşüncə tərzinin formalaşdırılmasına xidmət etdiyini vurğulayıb. Onun sözlərinə görə, Nobel mükafatı laureatları yalnız elmi kəşfləri ilə deyil, elmin və təhsilin təbliğinə verdikləri töhfələrlə də seçilirlər. Onların elm və təhsil haqqında fikirləri bu gün də aktuallığını qoruyur və gənclər üçün mühüm motivasiya mənbəyi rolunu oynayır.
Çıxışında elmlə mənəvi dəyərlər arasında tarazlığın qorunmasının vacibliyinə də toxunan Etibar Əliyev elmi inkişafın insani dəyərlərlə vəhdətdə aparılmasının əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, elmin mənəviyyatdan uzaqlaşması gələcəkdə ciddi problemlərə yol aça bilər.
Tədbirdə iştirak edən yazıçı Aqşin Yenisey elmin, xüsusilə də Nobel mükafatı laureatlarının elmi irsinin gənc nəslə daha anlaşıqlı formada çatdırılması ilə bağlı təkliflə çıxış edib. O, alimlərin müsahibələrinin süni intellektin imkanlarından istifadə etməklə canlandırılmasını və rəqəmsal platformalarda paylaşılmasını təklif edib.
Müzakirələrdə elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi və nəşri məsələləri də diqqət mərkəzində olub. Qeyd edilib ki, tərcümə olunan elmi kitablar peşəkar səviyyədə hazırlanmalı, dil və terminologiya baxımından yüksək standartlara cavab verməlidir. Bu məqsədlə nəşrdən əvvəl kitabların müvafiq ekspertizadan keçirilməsi və dil baxımından yoxlanılması təklif olunub.
Vurğulanıb ki, fundamental elmi əsərlərin Azərbaycan dilinə tərcüməsi gənclərin elmi biliklərə çıxış imkanlarını genişləndirir, onların intellektual inkişafına və elmi dünyagörüşünün formalaşmasına mühüm töhfə verir.
Tədbirdə, həmçinin elmin populyarlaşdırılmasının yalnız akademik mühitlə məhdudlaşmamalı, məktəbdən başlayaraq cəmiyyətin bütün təbəqələrini əhatə edən sistemli fəaliyyət istiqaməti kimi inkişaf etdirilməli olduğu bildirilib.
Sonda Etibar Əliyev şəxsi kitabxanasından Nobel mükafatı laureatlarının həyat və fəaliyyətinə həsr olunan kitabları UNEC-ə hədiyyə edib.