rss 新闻

UNEC-in iqtisadiyyat və fizika sahələri üzrə gənc alimləri Stanford Universitetinin dünyanın ən yaxşı 2%-lik alimləri siyahısında yer alıblar

UNEC rektoru professor Ədalət Muradov ABŞ-ın Stanford Universitetinin 2026-cı il üzrə dünyanın ən yaxşı 2 faiz alimlərini əhatə edən “World’s Top 2% Scientists” siyahısında yer alan UNEC alimləri ilə görüşüb.

UNEC-in iqtisadiyyat və fizika sahələri üzrə gənc alimləri Stanford Universitetinin dünyanın ən yaxşı 2%-lik alimləri siyahısında yer alıblar

“Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı-müəllim, dosent Tural Nağıyev və UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı-müəllim, ekonometrika üzrə fəlsəfə doktoru Həsrəddin Quliyevlə görüşən rektor professor Ədalət Muradov alimləri beynəlxalq elmi uğurları münasibətilə təbrik edib. O, onların Stanford Universitetinin dünyanın ən yaxşı 2%-lik alimləri siyahısında yer almasını UNEC və bütövlükdə Azərbaycan elmi üçün mühüm nailiyyət kimi qiymətləndirib.

Professor Ədalət Muradov iqtisadiyyat və fizika sahələrini təmsil edən alimlərin eyni siyahıda təmsil olunmasının universitetin elmi potensialının genişliyini və müxtəlif istiqamətlər üzrə inkişafını nümayiş etdirdiyini vurğulayıb. O, xüsusilə fizika sahəsində çalışan gənc alimin də bu nüfuzlu siyahıya daxil olmasının sevindirici olduğunu qeyd edərək, UNEC-in yalnız iqtisadiyyat deyil, digər elmi istiqamətlər üzrə də əhəmiyyətli tədqiqat imkanlarına malik olduğunu bildirib. Rektor gənc alimlərin beynəlxalq səviyyədə qazandıqları uğurların universitet üçün qürur mənbəyi, Azərbaycan elminin nüfuzunun yüksəlməsinə verilən töhfə olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda “World’s Top 2% Scientists” siyahısına daxil edilmiş UNEC alimlərinə fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, UNEC alimlərinin bu beynəlxalq siyahıda təmsilçiliyi son illərdə artan dinamika nümayiş etdirib. Belə ki, 2022-ci ildə universitetin 2, 2024-cü ildə 3, 2025-ci ildə 8 alimi siyahıya daxil edilib. Cari ildə isə UNEC-i təmsil edən 3 alim bu uğura imza atıb.