graduate ELMİMİZİN SƏRHƏDLƏRİ

Azərbaycan Alimləri və Gənc Tədqiqatçılar

Ölkəmizin elmi irsini quran və bu günü dünyada təmsil edən dəyərli alimlərimizi və parlaq gənclərimizi kəşf edin.

MƏSUD ƏFƏNDİYEV
Azərbaycanlı alimlər

MƏSUD ƏFƏNDİYEV

Humboldt mükafatı alan ilk azərbaycanlı, Azərbaycan Respublikasının əməkdar elm xadimi

Məsud Əfəndiyev 1970-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. Təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1974-75-ci illərdə professorlar M.Vişkinin və A.Şnirelmanın rəhbərliyi altında diplom işi yazıb. Uğurla namizədlik, doktorluq dissertasiyalarını müdafiə edib. Alim Almaniyanın Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiri və Münhen Universitetinin professorudur. 2005-ci ildə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Science-JSPS" təşkilatının mükafatına layiq görülüb.Dünya elmində ən yüksək təltiflərdən ("Kiçik Nobel" mükafatı) sayılan, Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb. Dünyanın ən nüfuzlu elmi jurnallarında 160-dan çox elmi məqaləsi dərc edilib, 5 monoqrafiyası Amerika, Almaniya, İsveçrə və Yaponiyada çap olunub. Dünyanın tanınmış jurnallarından biri "İnternational Journal of Biomathematics and Biostatistics"in baş redaktorudur.

XƏLİL KƏLƏNTƏR
Azərbaycanlı alimlər

XƏLİL KƏLƏNTƏR

Yaponiyada yaşayan azərbaycanlı alim, elektronika mühəndisi və LCD monitorların əsas yaradıcısı

Xəlil Kələntər 1981-ci ildən Yaponiyanın Naqoya Universitetində çalışıb. Naqoya və Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində üç kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratmışdır. 2007-ci ildə LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülmüşdür. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın bütün dünyada tanınan nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü seçilmişdir. SID üzrə 2011-ci ildə keçirilmiş konfransda “Ən yaxşı məqalə” mükafatını almışdır. “Global Optical Solutions” şirkətinin baş tədqiqatçısıdır, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunmuşdur. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır.