MƏSUD ƏFƏNDİYEV
Humboldt mükafatı alan ilk azərbaycanlı, Azərbaycan Respublikasının əməkdar elm xadimi
Məsud Əfəndiyev 1970-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. Təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1974-75-ci illərdə professorlar M.Vişkinin və A.Şnirelmanın rəhbərliyi altında diplom işi yazıb. Uğurla namizədlik, doktorluq dissertasiyalarını müdafiə edib. Alim Almaniyanın Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiri və Münhen Universitetinin professorudur. 2005-ci ildə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Science-JSPS" təşkilatının mükafatına layiq görülüb.Dünya elmində ən yüksək təltiflərdən ("Kiçik Nobel" mükafatı) sayılan, Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb. Dünyanın ən nüfuzlu elmi jurnallarında 160-dan çox elmi məqaləsi dərc edilib, 5 monoqrafiyası Amerika, Almaniya, İsveçrə və Yaponiyada çap olunub. Dünyanın tanınmış jurnallarından biri "İnternational Journal of Biomathematics and Biostatistics"in baş redaktorudur.
- Humboldt mükafatının ilk azərbaycanlı laureatı
- Qeyri-xətti analiz sahəsində tədqiqatlar
- Riyazi biologiyanın inkişafı