Süni intellekt əmək məhsuldarlığını 3,8 faizə qədər artıra bilər
Beynəlxalq Valyuta Fondunun (BVF) 25 sentyabr 2026-cı il tarixli araşdırmasına əsasən, süni intellekt texnologiyaları uzunmüddətli perspektivdə ümumi əmək məhsuldarlığını 3,8 faizə qədər artıra bilər.
Kodjovi M. Eklounun müəllifi olduğu bu tədqiqatda 2000–2017-ci illər ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr üzrə patent məlumatlarından istifadə etməklə süni intellekt (AI) texnologiyasının əmək məhsuldarlığına ümumi təsirini araşdırır. Araşdırma göstərir ki, 2000-ci ildən sonra sürətlənən süni intellekt texnologiyaları ilə əlaqəli patentlərin verilməsi 2017-ci ilədək üç dəfədən çox artmışdır. Eyni dövrdə OECD ölkələrinin dünya üzrə bu növ patentlərin təxminən 89 faizinə sahib olduğu müəyyən edilmişdir. İstehsal funksiyası yanaşmasından istifadə etməklə aparılan təhlil göstərir ki, 2000–2017-ci illər ərzində süni intellektlə bağlı patent müraciətlərinin dinamikası nəticəsində işçi başına düşən məhsul həcmi ilə ölçülən əmək məhsuldarlığı 0,8–1,2 faiz artmışdır. Hesablamalar həmçinin göstərir ki, süni intellekt texnologiyalarında innovasiyalar uzunmüddətli perspektivdə ümumi əmək məhsuldarlığını 3,8 faizə qədər artıra bilər.
Nəticələr onu göstərir ki, süni intellekt sahəsində innovasiyaların tempi sürətləndikcə və texnologiyalar iqtisadiyyatın daha çox sektoruna yayıldıqca gələcəkdə məhsuldarlıq artımı daha böyük ola bilər. Digər ölkələrdən süni intellekt texnologiyalarının yayılma təsirlərini nəzərə alan göstəricidən istifadə edildikdə də nəticələr öz dayanıqlığını qoruyur.
Bundan əlavə, araşdırma müəyyən edir ki, işçilərinin daha böyük hissəsi peşəkar və idarəetmə vəzifələrində çalışan ölkələr süni intellekt texnologiyalarından daha çox əmək məhsuldarlığı qazancı əldə edirlər. Tapşırıqların tamamlayıcılığı nəticəsində yaranan bu qazancın reallaşması isə vaxt tələb edə bilər, çünki işçilər texnologiyadan tam səmərəli istifadə etməyi öyrənməlidirlər.
Nəhayət, əmək bazarının çevikliyi də işçilərin bir iş yerindən və ya peşədən digərinə keçidini asanlaşdırmaqla əmək məhsuldarlığından əldə edilən qazancın formalaşmasında rol oynaya bilər.