"Summer of Fire and Blood: The German Peasants’ War" tədqiqat işi humanitar və sosial elmlər sahəsində 2025-ci ildə Cundill Tarix Mükafatı və 2026-cı ildə Holberg mükafatına layiq görülüb. Əsər 1524–1525-ci illərdə Alman torpaqlarında baş vermiş kəndli müharibəsinin səbəblərini, gedişini və nəticələrini araşdırır. Bu hadisə Avropa tarixində böyük xalq üsyanlarından biri olmuş, kəndlilərin sosial vəziyyəti, feodal münasibətləri, dini inanclar və siyasi hakimiyyətlə bağlı ciddi qarşıdurmaları üzə çıxarmışdır. Tədqiqatın əsas məqsədi kəndli müharibəsini yalnız iqtisadi narazılıqların və siyasi münaqişələrin nəticəsi kimi deyil, həm də insanların inancları, ədalət haqqında təsəvvürləri və gündəlik həyat təcrübələri ilə əlaqəli tarixi hadisə kimi izah etməkdir. Müəllif göstərməyə çalışır ki, kəndlilərin üsyana qoşulmasını anlamaq üçün onların maddi çətinlikləri ilə yanaşı, dini dünyagörüşlərini və cəmiyyətdəki mövqelərini də nəzərə almaq lazımdır. Əsərin elmi əhəmiyyəti tarixi hadisələrin öyrənilməsinə çoxşaxəli yanaşmanın tətbiq edilməsindədir. Roper sosial tarixi mədəniyyət, din, gender və insan psixologiyası ilə əlaqələndirir. Beləliklə, kəndli müharibəsi yalnız hərbi qarşıdurma kimi deyil, insanların dünyagörüşünün, sosial münasibətlərinin və hakimiyyətə münasibətinin üzə çıxdığı mürəkkəb tarixi proses kimi təqdim edilir.