Hələ 100 il bundan əvvəl Albert Eynşteyn belə dalğaların mövcudluğunun riyazi təsvirini vermişdi. 2017-ci ildə qravitasiya dalğalarının mövcudluğunu təsdiqlədiklərinə görə Barri Birşou, Rayner Vays və Kip Torn Fizika üzrə Nobel mükafatına layiq görüldülər.
Kitabda bu alimlərin məktəb təhsilindən Nobel mükafatına gedən yola qədər həyatları və elmi fəaliyyətləri olduqca ətraflı və canlı şəkildə təqdim olunub.
Qravitasiya dalğaları işıq sürəti ilə yayılır. Bu dalğaları “ovlamaq” üçün nəhəng observatoriyalar yaradılmalı idi və yaradıldı. Lazer interferometrli qravitasiya dalğası observatoriyasının yaradılmasına Amerika Milli Elm Fondu tərəfindən 1 milyard dollar vəsait ayrıldı. Yaradılan iki observatoriyaya 4 kvadrat kilometr ərazi verildi. Modernləşdirilmiş observatoriya 2015-ci ildə fəaliyyətə başladı və 2017-ci ildə qarşıya qoyulan elmi problem həllini tapdı.
Bu dəyərli kitab vasitəsilə dünyanın ən nüfuzlu universitetlərindən biri olan Massachusetts Institute of Technology-də aparılan elmi tədqiqatlarla tanış olmaq mümkündür. Bu institutun təkcə “Fənlər sarayı”nda yerləşən “Quruluş-20” korpusundan 9 alim Nobel mükafatına layiq görülüb. Burada radiolokasiya, linqvistika, neyron şəbəkələri, səs texnikası və qravitasiya fizikası kimi sahələrdə əsaslı tədqiqatlar aparılır.